Polşalı həkimlər Saakaşvilini müayinə etmək üçün Gürcüstana gediblər

Polşalı bir qrup həkimi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb. Bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

“Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi Giorgi Çaladze Gürcüstana beş həkimin gəldiyini dəqiqləşdirib. Onun sözlərinə görə, həkimlərin missiyasının vaxtı məhdud deyil - onlar lazım olan müddətdə ölkədə qalacaqlar. Tibbi hesabat məxfi olacaq və Aİ ölkələrinə veriləcək.

Saakaşvilinin tibbi müayinəsi ilə bağlı danışıqlar bir neçə ay davam edib - Polşa hakimiyyəti hələ 2023-cü ilin martında həkimləri göndərməyə hazır olduqlarını bildirsə də, Gürcüstan uzun müddət buna razılıq verməyib.

“Altı aylıq gecikmədən sonra hökumət həkimlərə Mixail Saakaşvilini xəstəxanada ziyarət etməyə icazə verdi. Həkimlər onun vəziyyətini öyrənəcək və nəticə çıxaracaqlar”, - keçmiş prezidentin vəkili Dito Sadzaqlişvili “AFP”yə bildirib.

Mixail Saakaşvili 2021-ci ilin payızından həbsdədir. Gürcüstan məhkəmələri tərəfindən bir neçə iş üzrə qiyabi hökm oxunan Saakaşvili sərhədi qanunsuz keçərək ölkəyə qayıtdıqdan sonra saxlanılıb.

Həbsdə olan siyasətçinin vəkilləri dəfələrlə Saakaşvilinin səhhətinin kəskin pisləşdiyini bildiriblər. 2022-ci ilin may ayından siyasətçi Tbilisidəki Vivamed klinikasındadır. Məhkəmə iclasları zamanı 20 həkim Saakaşvilinin vəziyyətinin ağır olduğunu bildirib. 2023-cü ilin fevralında Saakaşvilinin 67 kiloqram çəkisi olduğu açıqlanıb. Həbs olunmazdan əvvəl onun çəkisi 116 kiloqram, boyu 195 santimetr idi.

2023-cü ilin fevralında Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin həbsdən azad edilməsi və ya səhhətinə görə cəzasının təxirə salınması ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib. Mart ayında Apellyasiya Məhkəməsi də analoji qərar qəbul edib. May ayında Avropa İnsan Haqları Məhkəməsi də, vəkillərin Saakaşvilinin xaricdə müalicə üçün azadlığa buraxılması tələbini rədd etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ