Rusiyanın hərbi rəhbərliyini tənqid edən general işdən çıxarıldı

Rusiya Silahlı Qüvvələrinin yüksək vəzifəli məmurlarını əsgərlərə laqeyd münasibət göstərməkdə ittiham edən general-mayor İvan Popov istefaya göndərilib.

Bu barədə məlumatı Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov yayıb.

Məlumata görə, İ.Popov Ukraynanın Zaporojye vilayətində Rusiyanın 58-ci ümumqoşun ordusunun komandanı olub.

Rusiyanın Müdafiə Nazirliyi isə məsələyə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, general-mayor İ.Popovun sözlərinə görə, yüksək orqanlarda çətin bir vəziyyət yaranıb: “Odur ki, ya susmaq və qorxaq olmaq, ya da olduğu kimi danışmaq lazım idi. Mənim sizin adınızdan, həlak olan silahdaşlarımın adına yalan danışmağa haqqım yox idi, ona görə də mövcud olan bütün problemləri açıqladım”.

O, Rusiya əsgərlərinin Ukraynanın artilleriya atəşindən kütləvi ölüm hallarını və yaralanmaları gündəmə gətirdiyini bildirib.

İ.Popov orduda lazımi antibatareya və düşmən kəşfiyyatına qarşı sistemlər olmadığını söyləyib: “Görünür, yüksək vəzifəli məmurlar məni özlərinə təhlükə mənbəyi hiss etdikləri üçün qısa bir zamanda, bir gündə müdafiə nazirinin əmrini uydurdular və məndən qurtuldular”.

Məlumata görə, İ.Popov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasını bitirib. Şimali Qafqaz hərbi dairəsində müxtəlif vəzifələri tutub. Rusiya Prezidentinin sərəncamı ilə 2016-cı ildə 33-cü motoatcı briqadanın komandanı təyin olunub. 58-ci orduya komanda təyin edilməsi barədə açıq informasiya yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ