“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin silahlı üsyandan sonra Kremlə çağırılıb və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Bu barədə Fransanın “Liberation” nəşri Qərb kəşfiyyatındakı mənbələrə istinadən yazıb.
Bildirilir ki, Priqojin bunun üçün iyulun 1-də Moskvaya gedib. Priqojin Putindən başqa Rusiya Qvardiyasının direktoru Viktor Zolotov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də danışıqlar aparıb. Mənbələr danışıqların təfərrüatlarını açıqlamayıblar.
Priqojinin Sankt-Peterburqda və ya Moskvada olması faktı ötən həftənin sonunda Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən açıqlanıb. Eyni zamanda, Priqojin və Kreml arasında olan razılığa əsasən, “Vaqner” rəhbəri muzdluları ilə birlikdə Belarusiyada olmalıdır.
İyunun 24-də rusiyalılara televiziya ilə müraciət edən Putin “Vaqner”in başçısını xəyanətdə günahlandırıb və onun hərəkətlərini çar rejiminin 1917-ci ildə aldığı “kürəyindən bıçaq zərbəsi” ilə müqayisə edib.