Çin lideri Si Cinpin şəxsən Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı münaqişədə nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib.
Bu barədə Britaniyanın “The Financial Times” qəzeti Qərb və Çin rəsmilərinə istinadən yazır.
Söhbətin Si Cinpinin 2023-cü ilin martında Moskvaya dövlət səfəri zamanı baş tutduğu bildirilir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, nüvə silahından istifadənin qəbuledilməzliyi ilə bağlı müddəalar Çin liderinin təklifi ilə iki liderin birgə bəyanatına daxil edilib.
Çin əvvəllər də oxşar xəbərdarlıqlar etmişdi
FT mənbələri deyirlər ki, mart ayından bəri Çin rəsmiləri Rusiya tərəfini Ukraynaya qarşı nüvə silahından istifadə etmək üçün üstüörtülü təhdidlərdən əl çəkməyə çağırıblar. Qəzet qeyd edir ki, çox güman ki, Si Cinpin Putini ikitərəfli münasibətlərin pisləşəcəyi ilə hədələyib.
Çin bundan əvvəl də Ukraynadakı münaqişədə nüvə silahının istifadəsinə açıq şəkildə qarşı çıxıb.
Çin tərəfinin bu məsələ ilə bağlı mövqeyi sülh planına daxil edilib.
NATO ölkələri də Rusiyaya nüvə silahından istifadəyə qarşı xəbərdarlıq ediblər
Qeyd edildiyi kimi, Şimali Atlantika Alyansının üzvü olan üç nüvə dövləti - ABŞ, Böyük Britaniya və Fransa da Rusiyaya taktiki nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq ediblər.
Nəşrin məlumatına görə, NATO rəsmiləri əks halda Rusiya silahlı qüvvələrinə qeyri-nüvə silahları ilə zərbə endirəcəklərini bildirib.
Qəzetin Kremlə yaxın mənbələrinin məlumatına görə, Vladimir Putin müstəqil şəkildə nüvə silahından istifadənin Rusiyaya heç bir üstünlük verməyəcəyi və bu yaxınlarda ölkəyə birləşdirilmiş ərazilərin çirklənməsinə səbəb olacağı qənaətinə gəlib.
Üstəlik, hələ 2022-ci ilin oktyabrında Putin bəyan etmişdi ki, Ukraynaya nüvə zərbəsinin nə siyasi, nə də hərbi mənası var. 2023-cü ilin iyununda Ukraynanın əks-hücum əməliyyatından danışan prezident vurğulayıb ki, Rusiya nəzəri olaraq nüvə silahından istifadə hüququna malik olsa da, “buna ehtiyac yoxdur”.