Priqojinin milyardları və qızılı qaytarıldı

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin qiyamından və Moskvaya “ədalət yürüşündən” sonra iyunun 24-də Sankt-Peterburqdakı ofislərində aparılan axtarışlar zamanı ələ keçirilən 10 milyard rubl geri qaytarılıb. Bu barədə “Fontanka” məlumat yayıb.

Nəşrin məlumatına görə, ilkin olaraq Rusiya təhlükəsizlik qüvvələri 10 milyard rubl, yüz minlərlə dollar və 5 külçə qızılı geri qaytarmaq niyyətində deyildi. Vəsait Priqojinin sürücüsü tərəfindən rəsmi etibarnamə ilə yığılıb. Prosedurun necə keçdiyi məlum deyil. İlkin məlumatlara görə, o, özü də həftəsonu “görüşlər” üçün Moskvada olub.

Daha əvvəl Priqojin tapılan vəsaitlərin işçilərin maaşları, “yük 200” və “digər məsələlər” üçün kompensasiya olduğunu bildirib.

Yevgeni Priqojinin təşkil etdiyi hərbi qiyamdan sonra təşkilatın taleyi kimi onun özünün də taleyi sual altındadır. Qəzet xatırladır ki, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Priqojini satqın adlandırıb. “Vaqner” muzdlularına Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif edilib. Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Priqojin və onun bəzi muzdluları Belarusa gediblər. İyunun sonunda Roskomnadzor Priqojinin “Patriot” media holdinqinin saytlarına girişi məhdudlaşdırıb. Bütün nəşrlərin veb-saytları hazırda əlçatan deyil. Bundan sonra Priqojin media holdinqini ləğv edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ