Şoyqu ilk dəfə Priqojinin qiyamından danışdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vaqner” şirkətinin yaradıcısı Yevgeni Priqojinin təşkil etdiyi qiyamı şərh edərək, hadisənin qoşunlara təsir etmədiyini bildirib. Şoyqunun sözlərini RİA Novosti sitat gətirir.

“Bu planlar ilk növbədə ona görə baş tutmadı ki, Silahlı Qüvvələrin şəxsi heyəti anda və hərbi borcuna sadiqlik nümayiş etdirdi. Təxribat qoşun qruplaşmalarının hərəkətlərinə təsir etməyib. Hərbçilər cəsarətlə və fədakarlıqla onlara tapşırılan vəzifələri yerinə yetirməyə davam etdilər”, - Şoyqu bildirib.

Yevgeni Priqojin iyunun 23-də Moskvaya qarşı “ədalət yürüşü” elan edərək qiyam qaldırıb. “Vaqner”in təsisçisi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefasını tələb edib. Priqojin Aleksandr Lukaşenko ilə danışıqlardan sonra yürüşü dayandırıb və muzdlular Ukraynanın Luqansk vilayətinə qayıdıblar.

Üsyan davam edərkən, Sergey Şoyqu ictimai məkanda görünməyib və baş verənləri şərh etməyib. Yalnız iyunun 26-da Rusiya Müdafiə Nazirliyi Şoyqunun Rusiya qoşunlarının “ön komanda məntəqəsinə” baş çəkdiyini əks etdirən video yayımlayıb. “Bloomberg”in məlumatına görə, qiyamdan sonra Şoyqunun ən yaxın adamlarına qarşı yoxlamalar aparılıb.

İğtişaşdan sonra Rusiya və Qərb KİV-lərinin məlumatına görə, Ukraynadakı RF qoşunlarının birləşmiş qrupunun komandirinin müavini, Priqojinə yaxın olan general Sergey Surovikin Rusiyada saxlanılıb. Digər məlumatlara görə, o, dindirilib və sərbəst buraxılıb. Məlumat rəsmi olaraq təsdiqlənməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ