“Titanik”ə gedən yolda yoxa çıxan sualtı qayığın qalıqları tapılıb. Ekipaj ölüb

Atlantik okeanında xilasetmə əməliyyatının iştirakçıları hesab edirlər ki, itkin düşən “Titan” sualtı qayığının axtarışları zonasında tapılan qalıqlar aparatın bir hissəsidir. Bu barədə CNN xilasedicilərin xidməti yazılarına istinadən xəbər verir.

Kanalın məlumatına görə, tapılan qalıqlar “Titan”ın xarici hissəsinin fraqmentləridir. Eyni zamanda, CNN-nin istinad etdiyi sənəddə ekipajla birlikdə kapsulun axtarışının davam etdiyi qeyd edilir.

Bundan əvvəl ABŞ Sahil Mühafizəsi “Titan” sualtı qayığının axtarış zonasında tapılan fraqmentlər barədə məlumat vermişdi.

Sualtı qayığa sahib olan “OceanGate” şirkəti ekipaj üzvlərinin həlak olduğunu hesab edir. “Ürəyimiz bu faciəli zamanda həlak olan beş nəfərlə və onların hər bir ailə üzvü ilədir. Biz insan itkisinə görə kədərlənirik”, - deyə şirkətdən bildirilib.

ABŞ Sahil Mühafizəsi “Titan” qayığında olan beş nəfərin öldüyünü təsdiqləyib. Xidmət nümayəndəsi ekipajın ailələrinə başsağlığı verib. Xilasedicilər “Titanik”in burun hissəsindən təxminən 500 metr aralıda beş iri aparat parçası aşkar ediblər. Qalıqlar ekipaj üzvlərinin ölməsinə dəlalət edir.

Sahil Mühafizəsinin məlumatına görə, “Titan” sıxılma nəticəsində çöküb. Bunun hansı səbəbdən və nə vaxt baş verdiyi məlum deyil. Okeanın dibindəki çətin vəziyyətə baxmayaraq, ekipaj üzvlərinin cəsədlərinin axtarışı davam etdiriləcək.

İyunun 19-da Atlantik okeanında “Titanik”ə doğru hərəkət edən turistlərin olduğu özəl sualtı qayıq yoxa çıxıb. Qayıqda beş nəfər, o cümlədən britaniyalı milyarder Hemiş Hardinq və “OceanGate”in qurucusu Stokton Raş da olub.

Sualtı qayığın axtarışında ABŞ və Kanadanın sahil xidmətləri, eləcə də özəl gəmilər iştirak edib. Bildirilib ki, “Titan”dakı oksigen təchizatı 96 saat üçün nəzərdə tutulub. ABŞ Sahil Mühafizəsi qeyd edib ki, “Titan”dakı oksigen iyunun 22-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 07:10-da (Bakı vaxtı ilə 14:10) bitməli idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ