Türkmənistanın Qaraqum səhrasında 50 ildən çoxdur yanmaqda olan Darvaza qaz kraterinin söndürülməsi layihəsi təsdiqlənmə mərhələsindədir.
Bu barədə “Türkmənqaz” dövlət konserninin təbii qaz Elmi Tədqiqat İnstitutunun laboratoriyasının rəhbəri İrina Luryeva məlumat verib.
O, bildirib ki, krater ölkənin turistik yerlərindən biridir. İnsanlar və turistlər tərəfindən “Cəhənnəm qapıları” kimi tanınan krater 2018-ci ildən rəsmi olaraq Parlayan Qaraqum adlanır.
Qeyd edək ki, Aşqabaddan 266 km aralıda yerləşən Qaraqum səhrasındakı qaz krateri 1971-ci ildə bu yerdəki kəşfiyyat mədəninin çökməsi nəticəsində yaranıb. Sonradan diametri 60 metr və dərinliyi 20 metr olan krater xalq tərəfindən “Cəhənnəm qapısı” ləqəbini alıb. Kraterdən çıxan alovların hündürlüyü 15 metrə çatır.