Ukraynanın əks-hücumu: Hər iki tərəf böyük itkilər verib

Ukraynanın cənubunda gedən döyüşlər zamanı Rusiya və Ukrayna tərəfi xeyli itki verib. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik hesabatında deyilir. Departament yeni hesabatını Ukraynanın əks-hücum əməliyyatına həsr edib.

Qeyd olunur ki, Rusiya itkiləri Baxmut uğrunda döyüşün ən qızğın olduğu mart ayından bəri ən yüksək səviyyədədir. Eyni zamanda, Rusiya və Ukraynanın itkiləri ilə bağlı dəqiq məlumat verilmir. 

“Son bir neçə gündə ağır döyüşlər davam edir. Ən şiddətli toqquşmalar Zaporojye vilayətində, Donetsk vilayətinin qərbində və Baxmut yaxınlığında baş verir. Bütün bu ərazilərdə Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatları aparmağa davam edir, lakin ukraynalılar böyük uğur əldə edə bilməyiblər. Cənubda Rusiya qüvvələri nisbətən uğurlu müdafiə əməliyyatları aparır”, - deyə hesabatda bildirilir.

Böyük Britaniya Müdafiə Nazirliyi hesab edir ki, 2022-ci ilin may ayından bəri Baxmutda 60 mindən çox rusiyalı ölüb və ya yaralanıb. ABŞ hərbi analitiklərinin hesabatına görə isə, 2022-ci ilin dekabrından 2023-cü ilin mayına qədər Baxmutda təxminən 10 min “Vaqner” muzdlusu ölüb.

“Mediazona” və “BBC Rus Xidməti”nin iyunun ortalarına qədər açıq məlumatlara əsasən hesablamalarına görə, 2023-cü ilin ilk beş həftəsində Donetsk vilayətinin Baxmut və Uqledar şəhərlərində hərbi əməliyyatlar zamanı Rusiya qüvvələrinin təsdiqlənmiş itkiləri Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumunun ilk beş həftəsi ərzində verdiyi itkilərdən çox olub. 

Bu hesablamaya görə, 2023-cü il yanvarın 5-dən fevralın 8-dək Ukraynada 2504 Rusiya əsgəri, işğalın ilk həftələrində, 2022-ci il fevralın 24-dən martın 30-dək isə 2 175 nəfər həlak olub. Jurnalistlərin hesablamalarına görə, müharibənin əvvəlindən Ukraynanın işğalında iştirak etmiş 25 528 rusiyalının həlak olması təsdiqlənsə də, real itkilər daha çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ