“Monteneqronun gələcəyi naminə” serbyönlü parlament bloku Azərbaycan əsilli keçmiş oliqarx Telman İsmayılovun çoxmilyonluq rüşvət sayəsində Monteneqrodan siyasi sığınacaq alması barədə məlumatın araşdırılmasını tələbi ilə bu ölkənin prokurorluğuna müraciət edib.
Rusiyada təqsirləndirilən və qiyabi həbs qərarı ilə beynəlxalq axtarışa verilən İsmayılov 2021-ci il oktyabrın 22-də Monteneqrodan siyasi sığınacaq alıb.
Müxalifət bloku iddia edir ki, iş adamı siyasi sığınacaq almaq üçün Monteneqronun məhkəmə sistemi və ya digər dövlət strukturlarının nümayəndələrindən birinə beş milyon dollar köçürüb.
“Biz prokurorluğun təhqiqata başlamasını gözləyirik”, - “Monteneqronun gələcəyi naminə” blokunun müraciətində deyilir. “Xatırlatmaq istərdik ki, hazırkı xüsusi dövlət ittihamçısı Vladimir Noviç İsmayılovun işində hakim olub”.
Noviçin özü serbyönlü parlament blokunun ittihamını şərh etməyib.
Xatırladaq ki, Telman İsmayılov 2021-ci il oktyabrın 1-də Monteneqronun paytaxtı Podqoritsada həbs edilib. Lakin onun vəkili Miloş Vuksanoviç bildirib ki, azərbaycanlı iş adamı hələ sentyabrın 8-də Monteneqroda siyasi sığınacaq verilməsi xahişi ilə rəsmi ərizə ilə müraciət edib, nəticədə müvəkkilinin ərizəsinə baxılana qədər İsmayılovun Rusiyaya ekstradisiyası mümkün deyil.
Daha sonra Monteneqro məhkəməsi İsmayılova siyasi sığınacaq verilməsi barədə qərar çıxarıb və bu, Rusiya hakimiyyətini qəzəbləndirib. Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin imtinanın səbəblərini araşdırmaq göstərişi verib. 2023-cü ilin fevralında isə Rusiya Xarici İşlər Nazirliyi Telman İsmayılovun ekstradisiyasına mane olan Monteneqronun Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı Zoran Milyaniçə RF ərazisinə girməyə icazə verməyib.