İyunun 14-nə keçən gecə Yunanıstan sahillərində Şimali Afrikadan olan miqrantlarж daşıyan qayıq aşıb. Yunanıstanın ERT telekanalının məlumatına görə, azı 78 nəfər həlak olub.
Yüzdən çox insan xilas edilib. Qayıqda neçə nəfərin olduğu dəqiq məlum deyil. Beynəlxalq Miqrasiya Təşkilatı 400 nəfərin ola biləcəyini bildirir. Yerli hakimiyyət orqanları sağ qalanlara istinadla bildirirlər ki, gəmidə 700-ə qədər adam olub.
Qayıq iyunun 10-da Liviyadan İtaliyaya yola düşüb və Pilos şəhəri yaxınlığında beynəlxalq sularda batıb. Yunanıstan hakimiyyəti hesab edir ki, hadisəyə səbəb qayığın həddindən artıq yüklənməsi olub.
Qəza bölgəsində Yunanıstan Sahil Mühafizəsi və təcili yardım qayıqları, hərbi freqat, Hərbi Hava Qüvvələrinə məxsus helikopter, pilotsuz uçan aparat və şəxsi gəmilərin iştirak etdiyi axtarış-xilasetmə əməliyyatı davam edir.
Yunanıstan və İtaliya Şimali Afrika və Yaxın Şərqdən Aİ ölkələrinə getməyə çalışan miqrantların əsas istiqamətləridir. Onların bir çoxu Aralıq dənizini təhlükəsizlik avadanlığı olmadan dolu qayıqlarda keçir.
2023-cü ilin fevralında İran, Pakistan və Əfqanıstandan olan miqrantları daşıyan gəmi İtaliya sahillərində qəzaya uğrayıb. Hadisə zamanı ən azı 40 nəfər ölüb.
“İtkin Miqrantlar Layihəsi”nə görə, 2014-cü ildən bəri Aralıq dənizini keçməyə cəhd edən 27 minə yaxın insan ölüb və ya itkin düşüb.