Moskvada zorakılıqdan qaçan 19 yaşlı Səlimə İsmayılova saxlanıldı

Çeçenistan təhlükəsizlik qüvvələri məişət zorakılığı səbəbindən Almaniyaya qaçmağa cəhd edən və Moskvanın Vnukovo hava limanında polis tərəfindən saxlanılan 19 yaşlı Səlimə İsmayılovanı Qroznıya aparır. Bu barədə “Caution Media” qızın vəkili Anastasiya Tyunyayevaya istinadən yazır.

Tyunyayevanın sözlərinə görə, iyunun 13-nə keçən gecə İsmayılova appendisit şübhəsi ilə Vnukovo hava limanının polis şöbəsinin təcridxanasından xəstəxanaya aparılıb. İlkin diaqnoz təsdiqini tapmayıb və o, yenidən təcridxanaya göndərilib.

Vəkil onu da bildirib ki, Vnukovoya gələn çeçen təhlükəsizlik qüvvələri qıza Çeçenistana təyyarə bileti alıb. Onlar diqqəti çox cəlb etməmək üçün İsmayılovanın dünən çıxarılmamasını təklif edib.

“Biz indi prokurorluğa zəng edirik, bununla bağlı şikayət etməyə çalışırıq, amma ümid azdır. Onların səhər saat 10-a bileti var”, - deyə Tyunyayeva bildirib.

Rəsmi orqanlar qızın Qroznıya aparılıb-aparılmaması ilə bağlı hələlik məlumat vermir.

Səlimə İsmayılova Çeçenistanda anadan olub, 12 yaşında ailəsi Almaniyaya köçüb. Hüquq müdafiəçilərinin dediyi kimi, ailədəki vəziyyət “həmişə pis olub”. İsmayılova ailədaxili zorakılığa görə Almaniya Gənclər İdarəsinə müraciət etsə də, sonradan sözlərindən ərizəsini geri çəkib. 2021-ci ildə ailə Çeçenistana qayıdıb, burada ata tez-tez İsmayılovanı döyüb və onu öldürməklə hədələyib.

Martın 5-də İsmayılova Çeçenistanı tərk edib. İyunun 12-də o, Almaniyaya uçmaq istəsə də, saxlanılıb. Polis qızın oğurluqla bağlı axtarışda olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ