İranlılar və əfqanlar suya görə bir-birlərini öldürürlər - video

Mayın 27-də səhər saatlarında İran və “Taliban” arasında gərginliyin artması fonunda İranın Zabul şəhəri yaxınlığında atışma qeydə alınıb. Bu barədə İsrailin “Details” nəşri məlumat yayıb.

Hadisə Əfqanıstan və İran sərhədi yaxınlığında - İranın Sistan və Bəlucistan əyalətində və Əfqanıstanın onunla həmsərhəd Nimroz əyalətində baş verib. Əfqanıstanın Sasoli, Məkki və Hatəm kəndlərinin sakinləri müvəqqəti olaraq evlərini tərk ediblər.

Sosial şəbəkələrin İran seqmentində hadisənin “Taliban” sərhəd qüvvələri ilə iranlı kəndlilər arasında mübahisə ilə başladığı və İran sərhədçilərinin müdaxilə etdiyi bildirilir.

Daha sonra tərəflər arasında, pulemyotlar da daxil olmaqla, atışma baş verib. İran tərəfi artilleriyasının zərbələri endirib, “Taliban” 11 döyüşçüsünü itirib, daha bir neçə nəfər yaralanıb.

İran sərhəd qüvvələri Əfqanıstanın cavab zərbəsi zamanı müdafiə mövqelərini tutaraq sərhəd bölgəsindən geri çəkilib.

Mayın 18-də İran prezidenti İbrahim Rəisi “Taliban” hərəkatına xəbərdarlıq edərək, qruplaşmadan hər iki ölkənin ərazisindən axan Helmand çayının suları ilə bağlı İranın hüquqlarını pozmamağı tələb edib.

Mayın 27-də Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəki İranın Əfqanıstandakı səfiri ilə Helmand çayında su ehtiyatlarının ayrılması məsələsini müzakirə edib. Buna baxmayaraq, son günlər iki ölkə arasında münasibətlərdə gərginlik artmaqdadır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ