Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti dörd fərqli ünvanda eyni vaxtda İŞİD terror qruplaşmasının üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.
Məlumatda qeyd olunur ki, Gürcüstanın Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində əldə edilmiş sübutlara əsasən, həmin şəxslərin İŞİD terror təşkilatının nüfuzlu liderlərindən biri ilə əlaqələrinin olduğu müəyyən edilib.
Terror təşkilatının üzvləri onun rəhbərliyi altında bir sıra ölkələrdə müxtəlif növ terror fəaliyyətləri təşkil etməyi planlaşdırıblar.
Ümumilikdə 7 nəfər saxlanılıb.
APA-nın verdiyi məlumata görə saxlanılanlar arasında Gürcüstan vətəndaşı olan etnik azərbaycanlılar da var.
Artıq faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328 və 236-cı maddələri ilə (terror təşkilatına daxil olma, terror fəaliyyətinə köməklik göstərmə, qanunsuz olaraq odlu silah gəzdirmə, döyüş sursatı və partlayıcı maddələr əldə etmə və saxlama) istintaq tədbirlərinə başlanılıb.