Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının Yerevanda keçirilən iclası zamanı Rusiyanın baş naziri Dmitri Medvedevin onu rus dilində qeyri-korrekt ifadəsinə görə ələ salmasına münasibət bildirib.
Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan bu insidentə sosial şəbəkələrdə verilən reaksiyalardan qəzəbləndiyini ifadə edib.
“İndi Facebook-a girirəm və gözlərimə inanmıram ki, korrupsioner sistemin qalıqları sosial şəbəkələrdə bu cür asanlıqla hay-küy qaldıra biliblər. Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında təkcə Rusiya baş naziri Dmitri Medvedyev yox, biz hamımız ümid edirdik ki, tezliklə başqa otağa keçib kofe içə biləcəyik.
Biz hamımız çox yorulmuşduq və kofe istəyirdik. İclas planlaşdırılandan 2.5 saat uzun çəkmişdi. Bizim bundan əvvəlki gün qeyri-rəsmi ünsiyyətimiz də əsas verirdi ki, görüşün qeyri-rəsmi hissəsinə keçək. Mən başa düşmürəm, bütün bunların hamısını izah etmək lazımdır?”-Paşinyan yazıb.
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan isə bildirib ki, Rusiya baş nazirinin yersiz zarafatı qarşısında Paşinyanın özünü ələ alıb heç bir reaksiya verməməsi onun “ruhunun gücündən və özünü idarə etməsindən” xəbər verir.
“Adam başa düşür ki, özünü belə pis vəziyyətə qoyur, sən isə ona bu situasiyadan çıxmağa kömək edirsən. İradənin gücü ondadır ki, sən öz hisslərini ölkənin maraqlarından üstün tutmursan. İradənin gücü ondadır ki, sən qonağın səhvini görüb gülümsəyirsən, çünki özünə əminsən”-o deyib.