Macarıstan Ukraynaya 500 milyon avronun ayrılmasına mane olub

Macarıstan hökuməti Ukraynaya Avropa Sülh Fondu çərçivəsində verilməsi planlaşdırılan növbəti hərbi dəstək tranşının ayrılmasını dəstəkləməyib. Bu barədə Reuters hökumətin mətbuat xidmətinə istinadən xəbər verir.

“Macarıstan Avropa İttifaqının digər mövcud alətlərlə birlikdə Avropa Sülh Fondundan müstəsna olaraq Ukraynaya dəstək kimi istifadə etməsi ilə razılaşmır, çünki bu, Aİ-nin digər sahələrdə maraqlarını təşviq etmək üçün kifayət qədər vəsaitin ayrılmasına imkan vermir”, - mətbuat xidməti bildirib.

Macarıstan hökuməti qeyd edib ki, qaldırılan məsələlərin təzahürü üçün Avropa Sülh Fondundan səkkizinci yardım tranşının ayrılmasına blok qoyub. Macarıstan nümayəndələri fondun vəsaitlərindən Balkanlarda və Şimali Afrikada istifadə oluna biləcəyini qeyd ediblər.

İtaliyanın ANSA agentliyi mənbələrə istinadən Macarıstanın Ukraynaya yardımın ayrılmasını əngəlləmək qərarı haqqında ilk məlumat yayıb. Nəşrin məlumatına görə, yardımın məbləği 500 milyon avro olub.

Avropa Sülh Fondu 2021-ci ilin martında yaradılıb. O, Aİ dövlətlərinin üzvlük haqqı hesabına maliyyələşdirilir. Fond çərçivəsində Ukrayna Aİ-dən 3,6 milyard avroya yaxın vəsait alıb. Ukraynadan başqa, Avropa Sülh Fondu bir sıra ölkələrə, o cümlədən Gürcüstan, Moldova, Mali, Somali və Livana müdafiə yardımını maliyyələşdirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ