Türkiyədə prezident seçkiləri II tura qalıb. Belə ki, səsvermə prosesi mayın 28-i baş tutacaq. “ATA İttifaqı”ndan prezidentliyə namizəd Sinan Oğan 5,17% səs toplayaraq seçkinin II tura keçirilməsində mühüm rol oynayıb.
Oğanın 2-ci turda dəstəkləyəcəyi namizəd üçün 5 şərtinin olacağı, qırmızı xəttinin isə “terror təşkilatlarından uzaqlıq” olduğu vurğulanır.
Siyasətçi 2 milyon 829 min 634 seçicinin səsini qazanaraq seçki nəticələrinə birbaşa təsir edəcək mövqedədir. İndi isə ona səs verən şəxslərin prezidentlik uğrunda mübarizə aparan hazırkı dövlət başçısı, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı, yoxsa Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib-dəstəkləməyəcəyi müzakirə olunur.
“Qafqazinfo” xəbər verir ki, “Hürriyət”in köşə yazarı Umut Erdem “Seçimin kilit ismi Sinan Oğanın olmazsa olmaz 5 şartı” adlı yazısında bu məsələyə toxunub.
Onun sözlərinə görə, 55 yaşlı Sinan Oğan seçicilərin fikirlərinə təsir etmək üçün mayın 28-nə qədər müxtəlif məsləhətləşmələr aparmaq barədə qərara gəlib.
İlk danışıqlar isə yaxın günlərdə “ATA İttifaqı”na daxil olan partiyalarla olacaq. Oğan Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaqı Partiyasının sədrləri ilə görüş keçirəcək. Bu prosesdə Zəfər Partiyasının sədri Ümit Özdağın münasibəti də əsas rol oynayacaq. Bu görüşün nəticələrinə əsasən 14 günlük prosesin yol xəritəsi müəyyənləşəcək.
Oğan dəstəkləyəcəyi namizədlə bağlı 5 vacib şərt müəyyən edib. Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan “Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür” ifadəsinin yer aldığı 66-cı maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib - red.) qarşı sərt mövqe sərgilənməsi, 13 milyon qaçqının göndərilməsi, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq, terror təşkilatları və onların siyasi strukturları ilə uzaqlıqdır. Bu şərtlər yerinə yetirilməyənə qədər ikinci mərhələnin keçirilməyəcəyi fikri irəli sürülüb.
“Türkiyənin böhrana düşməsinə əsla imkan verməyəcəyik. Biz öz münasibətimizi millətimizin mənafeyinə uyğun olaraq təyin edəcəyik. Qarşıda bizi çətin 15 gün gözləyir. Biz heç vaxt deməyəcəyik ki, bunu və ya onu dəstəkləyirik. Məsləhətləşmələr aparacağıq. Bazarlıq aparacağımız kimi söz-söhbətlər yayılır, yalandır”, - Oğan ı turdan sonra deyib.
Qeyd edək ki, mayın 14-ü keçirilən prezident seçkilərinin I turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.