Rusiyanın Bryansk vilayətində “dörd təyyarənin vurulduğu” hadisələrlə əlaqədar Belarus qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bunu Belarus hərbçiləri ilə görüşdə ölkə prezidenti Aleksandr Lukaşenko deyib.
“Ölkəmiz ətrafında, ilk növbədə, hava məkanında baş verənlərə baxaq. Biz tez-tez dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edirik, xüsusən də hava məkanında. Gördüyümə görə, hazırda vəziyyət kritik deyil. Bununla belə, narahatedici amillər var. Bizə yaxın olan hadisələrdən üç gün sonra. Bryansk vilayətini nəzərdə tuturam, o zaman dörd təyyarə vuruldu. Biz buna cavab verməli idik. O vaxtdan biz daha yüksək döyüş hazırlığı vəziyyətindəyik”, – “Belta” Lukaşenkonun sözlərindən sitat gətirib.
Qeyd edək ki, Lukaşenko altı gün ictimaiyyət qarşısına çıxmayıb. O, sonuncu dəfə mayın 9-da Moskvada Qızıl Meydanda keçirilən Qələbə Paradında, daha sonra Minskdə Qələbə abidəsi önündə keçirilən mərasimdə görüntülənib. Mətbuatda Lukaşenkonun xəstəliyi ilə bağlı şayiələr yayılıb.