“Washington Post” qəzeti Pentaqonun və Amerika kəşfiyyatının sızdırılmış sənədlərinin Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı hissəsini araşdırıb.
Qəzet qeyd edir ki, bu sənədlər Zelenskini “aqressiv instinktlərə malik lider kimi göstərir ki, bu da onun Rusiyanın qəddar hücumuna tab gətirən sakit və səbirli dövlət xadimi kimi ictimai imicinə kəskin şəkildə ziddir”.
Xüsusilə, “tam məxfi” qeyd olunan sənədlərin birindən belə çıxır ki, 2023-cü il yanvarın sonunda Zelenski “Rusiyaya zərbə endirməyi”, həmçinin “Kiyevə təsir rıçaqları vermək üçün Rusiya ilə sərhəddə bir neçə yaşayış məntəqəsini ələ keçirməyi” təklif edib”.
“Washington Post” yazır ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin komandanı ilə söhbətində Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün lazımi sayda mənzilli raketlərə malik olmamasından təəssüfləndiyini bildirib. Rostovda (Rostov-na-Donu nəzərdə tutulur) obyektlərə hücum etmək üçün dronlardan istifadə etməyi təklif edib.
Bundan əlavə, məqalədə deyilir ki, Ukrayna prezidenti ölkənin baş nazirinin müavini Yuliya Sviridenko ilə görüşündə Macarıstana neft nəqlini pozmaq üçün Drujba neft kəmərini sıradan çıxarmaq və beləliklə, Putinin əsas müttəfiqlərindən sayılan prezident Viktor Orbana zərbə endirmək təklifini irəli sürüb.
Zelenski “The Washington Post” qəzetinə müsahibəsində Ukrayna hakimiyyətinin Rusiya yaşayış məntəqələrinin ələ keçirilməsi imkanlarını müzakirə etdiyinə dair bəyanatları “fantastik” adlandırıb, lakin eyni zamanda onun ölkəsinin özünü təcavüzkardan müdafiə etdiyini və fərqli üsullardan istifadə etmək hüququna malik olduğunu vurğulayıb.