Rusiyada Aİ-dən daxil olan milyard avroluq mallar itib

“The Financial Times” nəşri müəyyən edib ki, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra Avropa İttifaqından RF ərazisinə tranzitlə ümumilikdə iki milyard avro dəyərində mal daxil olub – onların təxminən yarısı “itib”.

Avropa mallarının, o cümlədən hərbi sənayedə istifadə oluna bilən ikili təyinatlı məhsulların alıcıları Ermənistan, Qazaxıstan və Qırğızıstan şirkətləri olub.

Nəşr qeyd edir ki, Rusiyaya ixracı qadağan edilən mallar Avropa İttifaqından RF ərazisinə bu malların son alıcılarının başqa ölkələrin şirkətləri olması bəhanəsi ilə daxil olub.

Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan sonra Avropa İttifaqı, ABŞ və onlara qoşulan ölkələr Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Xüsusilə, Rusiya Federasiyasının ərazisinə bir çox mal qruplarının, ilk növbədə ikili təyinatlı malların idxalı qadağan edilib.

Sanksiyaya dəstək verməyən Rusiyaya qonşu ölkələrdə müəyyən kateqoriyalı malların idxalında şübhəli şəkildə kəskin artım qeydə alınıb. Onların daha sonra Rusiya Federasiyasına göndərildiyi güman edilir.

Avropa İttifaqı dəfələrlə bəyan edib ki, sanksiya tətbiq olunan malların Rusiya Federasiyasına dolama yollarla idxalına qarşı mübarizə aparacaq. Xüsusilə, may ayında Aİ Rusiya ərazisindən ikili təyinatlı malların tranzitinə qadağa qoyub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ