“Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin siyasi müdrikliyini və onun nəzər nöqtəsini yüksək qiymətləndirib”.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, mayın 10-da anadan olmasının 100 ili tamam olan Heydər Əliyevlə Rusiya lideri arasında yaxın münasibətlər olub.
“Prezident Putinin Heydər Əliyevlə çox yaxın münasibətləri var idi. O, həqiqətən də Əliyevə böyük hörmətlə yanaşırdı. Onlar arasında dəfələrlə görüşlər olub. Əslində, Rusiya və Azərbaycan arasında bu gün mövcud olan ikitərəfli münasibətlərin möhkəm təməli həmin illərdə qoyulub. Putin İlham Əliyevlə də eyni münasibətdədir. Bu münasibətlərin təməli o vaxt qoyulub. Təbii ki, Heydər Əliyevin ümumi tariximizdə, Sovet İttifaqının tarixində oynadığı rolu qiymətləndirməmək mümkün deyil. Bu rol həqiqətən də çox böyükdür”, - Kremlin sözçüsü vurğulayıb.