Suriya 12 ildən sonra Ərəb Dövlətləri Liqasına qayıda biləcək. Mayın 7-də Suriyanın üzvlüyünün bərpası Ərəb Liqasına daxil olan ölkələrin xarici işlər nazirləri tərəfindən dəstəklənib.
Bu barədə “The New York Times” yazır ki, mayın 19-da Səudiyyə Ərəbistanında Ərəb Liqasının sammiti keçirilməlidir və Suriya lideri Bəşər Əsəd orada iştirak edə bilər. Əsədin bu fürsətdən yararlanmaq niyyətində olub-olmadığı hələ dəqiqləşdirilməyib.
Suriyanın Ərəb Liqasına üzvlüyünü bərpa etmək qərarı ölkə müxalifəti tərəfindən sərt şəkildə tənqid edilib.
“The New York Times”ın qeyd etdiyi kimi, 12 ildir ki, Suriyada ölkənin Ərəb Liqasından kənarda qalmasına səbəb olan vəziyyət dəyişməyib. Xatırladaq ki, Bəşər Əsədin ölkədə etirazları sərt şəkildə yatırmaq qərarından sonra Suriya Ərəb Dövlətləri Liqasından kənarlaşdırılıb.
“Associated Press” İordaniyadakı diplomatik mənbəyə istinadən yazır ki, bununla belə, Ərəb Liqasında iştirak edən bir neçə ölkənin hakimiyyət orqanları hesab edir ki, Ərəb Liqası Suriya böhranının “siyasi həlli” axtarışlarına rəhbərlik edə biləcək.