Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 9-da ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini elan edib.
Mayın 1-də Özbəkistanda keçirilən konstitusiya referendumunun nəticələri elan edilib. Seçicilərin 90 faizindən çoxu prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını və Mirziyoyevin prezidentlik dövrünün sıfırlanmasını dəstəkləyib. Gazeta.uz yazır ki, növbədənkənar seçkilər təyin etmək hüququ Konstitusiyaya edilən dəyişikliklər sayəsində Özbəkistan prezidentinə verilib. Mayın 8-də Konstitusiya dəyişikliyi qanunu qüvvəyə minib.
Mirziyoyev növbəti seçkilərin keçirilməli olduğu 2026-cı ilə qədər vəzifəsində qala bilərdi.
“Niyə mən özüm prezidentlik müddətimin qalan üç il yarımından imtina edirəm? Özünüz də görürsünüz: bizim əsas qanunumuza əsasən, hakimiyyətin bütün qollarında islahatlar aparılır, onlar arasında münasibətlər və balans ciddi şəkildə dəyişir”, - Mirziyoyev bildirib.