Ermənistan ordusundakı özbaşınalığı əks etdirən videogörüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, videogörüntülərdə Ermənistan ordusunun mövqelərinin birində baş verən nizam-intizamsızlıq qeydə alınıb.
Görüntülərdən erməni əsgərləri arasında mübahisənin düşdüyü görünür. Əl-qol hərəkətləri ilə bir-birini itələyən iki əsgəri kənardan silah yoldaşları izləyir. Sonda davada iştirak edən erməni əsgərlərindən biri oradan uzaqlaşır.
Göründüyü kimi, Ermənistan ordusundakı özbaşınalığı, nizam-intizamsızlığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir. Lakin faktlar bunun əksini söyləyir və göstərir. Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır. Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq.
Lakin düşmən müharibədən sonra da biabırçı adətindən əl çəkmir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb.
Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edərək bəyan edib ki, bu, Ermənistanın növbəti dezinformasiyadır. Nazirlik Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlərin ciddi problem olaraq qaldığına diqqət çəkib.