Rusiyanın daha bir il müharibə aparmaq üçün kifayət qədər vəsaiti var - WP

Sanksiyalara baxmayaraq, Rusiyanın ən azı bir il müharibəni davam etdirməyə kifayət qədər vəsaiti var. Bu barədə Amerika kəşfiyyatının məlumatına istinadən “The Washington Post” yazıb.

Nəşrin məlumatında qeyd edilir ki, rusiyalı yüksək rütbəli məmurlar, dövlət qurumları və bizneslər məhdudlaşdırıcı tədbirlərin təsirini hiss etsə də, onlara uyğunlaşmağa çalışıb. Mart ayının əvvəlində kəşfiyyat hesabatına görə, Rusiya iqtisadi elitasının bəzi üzvləri Kremlin Ukrayna siyasəti ilə razılaşmasa da, çətin ki, Vladimir Putini dəstəkləməkdən geri çəkilsinlər.

Sənəddə deyilir ki, Rusiya hakimiyyəti sanksiyaların təsirini yumşaltmaq üçün “daha ​​yüksək korporativ vergilərə, Milli Sərvət Fondunun vəsaitlərinə, idxalın artmasına, eləcə də bizneslərin uyğunlaşma qabiliyyətinə ümid edir”.

“Washington Post” öz növbəsində qeyd edir ki, kəşfiyyat hesabatında son məhdudlaşdırıcı tədbirlərin effektivliyi, habelə Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiqinin uzunmüddətli nəticələri qiymətləndirilmir.

Nəşr onu da bildirir ki, sanksiyalar təkcə iqtisadiyyata birbaşa təsir etməməli, həm də Rusiya elitasına müəyyən siqnal göndərməlidir və məhdudlaşdırıcı tədbirlərin effektivliyi AB-də tətbiq ediləndən daha geniş spektrli amillər nəzərə alınmaqla dəyərləndirilməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ