Kadırov əsirlikdən qayıdan çeçenlərlə görüşməkdən imtina edib

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, beş çeçen döyüşçü Ukrayna əsirliyindən Qroznıya qayıdıb. Eyni zamanda, o, çeçen hərbçilərin əsir düşməsi üçün heç bir səbəbin olmaması, geri qayıdanların isə yenidən cəbhə bölgəsinə getməli olduğunu söyləyərək onlarla görüşməyib. Bu barədə “Kavkazski uzel” nəşri məlumat yayıb.

“Mən hesab edirəm ki, çeçen əsgərinin əsir düşməsi üçün heç bir səbəb olmamalıdır. Bəhanələr fərqli ola bilər, amma nə olursa olsun, döyüşçü başqa seçimi olmadığını sübut etməlidir. Siz isə cəbhə xəttinə qayıtmaqla bunu sübut etməlisiniz”, - Kadırov deyib.

Onun sözlərinə görə, bu səbəbdən geri qayıdanlarla görüşməyib: “Bu, təkcə bir əsgərin deyil, həm də bütün döyüşçülərin xidmət etdiyi bütün alayın şərəf məsələsidir. Döyüşdən qaçmadıqlarını, düşmənlə qarşılaşmaqdan qorxmadıqlarını və silahı yerə qoyub güllələrdən xilas olmaq üçün fürsət axtarmadıqlarını sübut etsinlər”, - deyə o bildirib.

Kadırov eyni zamanda “əsirliyin cinayət olmadığını” deyib: “Mən hər şeyi başa düşürəm. Və döyüşçülərin sağ qalmasına şadam. Əsir düşməzdən bir saat əvvəl onlar radio ilə əlaqə saxlayıb, döyüş sursatlarının tükəndiyini bildiriblər. Ancaq hər bir döyüşçü sadəcə təsadüfi atəş etməməli, hər atəş üzərində düşünməli, hər patronun qayğısına qalmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ