Sudanın paytaxtı Xartumun bir neçə bölgəsində və şəhərin kənarında atışma baş verib. Bu barədə Reuters hadisə şahidlərinə istinadən məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, küçəyə artilleriya qurğuları və zirehli texnikalar yerləşdirilib. Onlardan biri agentliyə Sudan ordusunun və Çevik Reaksiya Qüvvələrinin (RSF) qərargahı yaxınlığında ağır artilleriya atəşi səslərini eşitdiyini bildirib.
“Əl-Cəzirə” yazır ki, şəhərin müxtəlif yerlərində tüstü görünür, küçələrdə əsgərlər var.
RSF bildirib ki, ölkə ordusu Xartumdakı xüsusi təyinatlıların bazalarından birini mühasirəyə alıb və müxtəlif növ silahlardan onu atəşə tutub. Xüsusi təyinatlılar ölkənin şimalındakı Merove bazasına, eləcə də Xartum Beynəlxalq Hava Limanına nəzarəti ələ keçirdiklərini iddia edirlər. Mətbuatın yazdığına görə, hava limanı işini dayandırıb.
Öz növbəsində ölkə ordusunun nümayəndəsi xüsusi təyinatlıları paytaxtda
və Sudanın digər bölgələrində bir neçə ordu düşərgəsinə hücum etməkdə ittiham edib.