Putin elektron çağırış vərəqələri haqqında qanunu imzalayıb

Rusiya prezidenti Vladimir Putin elektron çağırış vərəqələri və hərbi xidmətə cəlb olunanların vahid reyestri haqqında qanunu imzalayıb. Sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub. 

Dövlət Duması aprelin 11-də hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılmasını və elektron çağırışların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Yeniliklərə əsasən, elektron çağırış vərəqəsi vətəndaşın Dövlət Xidmətlərindəki şəxsi kabinetinə yerləşdirildiyi andan çatdırılmış hesab ediləcək. Aprelin 12-də qanun Federasiya Şurası tərəfindən təsdiqlənib.

Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov izah edib ki, çağırışçıların elektron bildirişləri hərbi komissarlıqların ənənəvi çağırış vərəqələri ilə eyni hüquqi qüvvəyə malik olacaq. O əlavə edib ki, çağırış vərəqələrinin alınması ilə bağlı yeni qaydalar təkcə çağırışçılara deyil, həm də hərbi xidmət keçməli olan bütün ruslara şamil ediləcək.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov izah edib ki, bəzi yerlərdə Rusiya hərbi komissarlıqlarında böyük xaos hökm sürür, ona görə də qanun bu vəziyyəti düzəltmək üçün nəzərdə tutulub və onun qəbulunun sürəti sənədin əhəmiyyəti ilə bağlıdır.

O xatırladıb ki, Rusiyanın hərbi komissarlığında problemlər barədə məlumatlar Ukraynada xüsusi əməliyyat başlayandan üzə çıxıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ