Pentaqonun şəbəkəyə sızan məxfi sənədlərində Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin ölüm ehtimalı ilə bağlı məsələlərə baxılıb. Bu barədə “The New York Times” xəbər verir.
“Müdafiə Kəşfiyyat Agentliyinin təhlili yalnız dörd ssenarini və onların Ukraynadakı müharibənin gedişatına necə təsir göstərə biləcəyini təsvir edir Hipotetik ssenarilərə prezidentlər Putin və Zelenskinin ölümü daxildir.
Pentaqonun materiallarında həmçinin qeyd olunur ki, Ukraynadakı müharibə, çox güman ki, uzanacaq. NYT jurnalistlərinin izah etdiyi kimi, ABŞ Müdafiə Nazirliyi həm münaqişənin yeni gərginləşməsinə, həm də sülh yolu ilə həlli ehtimalını nəzərdən keçirir. Ssenari sənədi xüsusi xidmət orqanları tərəfindən yaradılıb və hərbçilərə hadisələrin mümkün nəticələrini təhlil etməyə kömək edir.
ABŞ-da məxfi sənədlərin kütləvi şəkildə şəbəkəyə sızması aprelin əvvəlində baş verib. NYT-nin məlumatına görə, o vaxta qədər internetdə Amerika kəşfiyyatının və Pentaqonun 100-dən çox məxfi sənədi peyda olub, halbuki sızmanın özü çox güman ki, martın əvvəlində baş verib. Sızdırılan sənədlər arasında Rusiya, Ukrayna, Çin, İran, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və İsraillə bağlı kəşfiyyat materialları, habelə xəritələr və brifinq slaydları var. ABŞ Ədliyyə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.