Martın 30-da axşam saatlarında Türkiyə Parlamentinin Baş Assambleyası Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bir neçə gün əvvəl Finlandiyanın NATO-ya daxil olması Macarıstan parlamenti tərəfindən dəstəklənib. Bundan sonra Türkiyə Finlandiyanın Şimali Atlantika Alyansının üzvlüyünü təsdiqləməyən sonuncu ölkə kimi qalmışdı.
Finlandiya və İsveç 2022-ci ilin mayında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başlamasından qısa müddət sonra NATO-ya daxil olmağı planlaşdırdıqlarını açıqlayıb. Ölkələr alyansa qoşulmaq üçün birgə ərizə veriblər.
Fevralın əvvəlinə Şimali Atlantika Alyansına yeni üzvlərin qəbulu haqqında protokol Macarıstan və Türkiyə istisna olmaqla, bütün NATO üzvü ölkələr tərəfindən ratifikasiya olunmuşdu. Hər iki ölkənin hakimiyyət orqanları Finlandiyanın alyansa daxil olmasına etiraz etmədiklərini, lakin müxtəlif səbəblərdən İsveçin müraciətini dəstəkləməyə hazır olmadıqlarını bildiriblər.
Hazırda NATO-ya 30 ölkə daxildir.