Şimali Koreya nüvə partlayışının imitasiyasını keçirib

Şimali Koreya hakimiyyəti martın 27-də ballistik raket buraxdıqlarını təsdiqləyib və sınağın simulyasiya edilmiş nüvə zərbəsi ilə başa çatdığını bildirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ballistik raket Kimçhek yaxınlığındakı adaya nüvə zərbəsi endirmək üçün nüvə başlığını simulyasiya edən sınaq döyüş başlığı ilə təchiz edilib. Nəşr yazır ki, raketin döyüş başlığı hədəfdən təxminən 500 metr yüksəklikdə havada partlayıb.

Bundan əlavə, qeyd edilir ki, Şimali Koreya martın 25-dən 27-dək nüvə başlığı daşıya bilən “Hail-1” tipli sualtı aparatı sınaqdan keçirib. Aparat Yapon dənizində 600 kilometr məsafəni 41 saat 27 dəqiqəyə qət edib. 
Martın 27-də Cənubi Koreya və Yaponiya hərbçiləri KXDR-in iki ballistik raket buraxdığını bildiriblər.

Martın 24-də məlum olub ki, KXDR “radioaktiv sunami” yarada bilən sualtı pilotsuz uçan aparatı sınaqdan keçirib. Daha sonra dronun martın 21-də buraxıldığı və sonrakı 59 saat ərzində 80-150 metr dərinlikdə hərəkətdə olduğu bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ