İsrailin baş naziri Benyamin Netanyahu fraksiya liderləri ilə görüşdən sonra İsrail hökuməti koalisiyasının rəhbərinə məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib. Bu barədə “Radio Kan” məlumat yayıb.
Bundan əvvəl qeyd olunub ki, İsrail prezidenti ölkənin baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb. Onun sözlərinə görə, mitinqlərə görə ölkənin təhlükəsizliyi və iqtisadiyyatı təhdid altındadır.
Xatırladaq ki, hakimlərin təyinatı üzərində İsrail hökumətinə nəzarətin verilməsini və Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan məhkəmə islahatları yəhudi dövlətində kütləvi etirazlara səbəb olub. Hakimiyyətin planlarından narazı olanlar artıq 3 aydır ki, aksiyalar keçirirlər. Kütləvi etirazlar həftə sonu polislə toqquşmalara çevrildi, polislər bir neçə dəfə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Ümummilli etiraz dalğası müdafiə naziri Yoav Qalantın işdən çıxarılmasından sonra daha da artıb. Nazirin istefası onun Netanyahu hökumətini qanunun qəbulu prosesini dayandırmağa çağırması ilə bağlı olub.