İsrail prezidenti etirazlar fonunda islahatları dayandırmağa çağırdı

İsxak Hersoqİsrail prezidenti İsxak Hersoq martın 27-nə keçən gecə ölkədə baş verən kütləvi etirazlardan sonra hökuməti məhkəmə islahatlarını dayandırmağa çağırıb.

Bu barədə “Haaretz” nəşri məlumat yayıb.

“Mən baş nazirə, hökumət üzvlərinə və koalisiya üzvlərinə müraciət edirəm. İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, mən sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, – prezident Twitter-də yazıb.

Martın 27-nə keçən gecə İsraildə baş nazir Benyamin Netanyahu məhkəmə islahatlarına qarşı çıxan müdafiə naziri Yoav Qalantı istefaya göndərdikdən sonra kütləvi etiraz aksiyaları keçirilib.

“Haaretz”in məlumatına görə, nümayişlər 150-dən çox yerdə keçirilib. Əksər hallarda etirazçılar yolları bağlayıblar. Təl-Əvivdə yüzlərlə nümayişçi İsrailin əsas magistralı Ayalonda nəqliyyatın hərəkətini dayandırıb, Qüdsdə isə minə yaxın etirazçı baş nazirin iqamətgahı qarşısında toplaşıb. Minlərlə insan da parlament binasına doğru yürüş edib.

Etirazlarda neçə nəfərin iştirak etdiyi məlum deyil. “The Times of Israel” yerli telekanalın məlumatlarına istinadən yazır ki, etirazlarda yüz minlərlə insan iştirak edib.

Etiraz aksiyaları səhər saatlarında başa çatıb. Polis su şırnaqları ilə nümayişçiləri dağıdıb. Aksiya iştirakçıları da, öz növbəsində, hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, butulka və digər əşyalar atıblar. Jurasalem Post yazır ki, azı üç polis əməkdaşı yaralanıb. 

“Haaretz” iddia edir ki, insidentdən sonra baş nazir öz koalisiyasının üzvləri ilə islahat qanununun dondurulması imkanını müzakirə etməyə başlayıb. Netanyahunun martın 27-də məsələ ilə bağlı xalqa müraciət edəcəyi gözlənilir.

2023-cü ilin yanvarından İsraildə Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmaq üçün nəzərdə tutulan məhkəmə islahatlarına qarşı kütləvi etirazlar davam edir. Qanun layihəsi qəbul olunarsa, İsrail hökuməti hakimlərin təyinatına tam nəzarət edəcək.

Martın 26-da Benyamin Netanyahu hökumətin məhkəmə islahatları ilə razılaşmadığına görə İsrailin müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib. Nazir istefası ərəfəsində ölkə hakimiyyətini kompromis əldə etmək üçün lazım olan müddətə islahatları dayandırmağa çağırıb. Netanyahu müdafiə nazirinə etimadını itirdiyini deyib və əlavə edib ki, o, “hökumətin arxasınca hərəkət edib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ