Tarixi qərar: Aİ Ukraynaya bir milyon mərmi tədarükü ilə bağlı razılığa gəlib

Aİ ölkələri növbəti 12 ay ərzində Ukraynaya bir milyon artilleriya sursatının tədarükü barədə razılığa gəliblər. Bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib.

O, bunu “tarixi qərar” adlandırıb. Planın həyata keçirilməsi üçün iki milyard avro ayrılacaq.

Borrelin təqdim etdiyi plana görə, Aİ ölkələri Ukraynaya “böyük miqdarda” sursatın, o cümlədən mövcud ehtiyatlardan və ya “gözlənilən sifarişlərdən” 155 millimetrlik artilleriya mərmilərinin “dərhal çatdırılmasını” təmin etməlidir. Bu xərcləri kompensasiya etmək üçün Avropa Sülh Fondundan bir milyard avro ayrılacaq.

Aİ ölkələrinin Ukrayna üçün birgə alacağı döyüş sursatının dəyərinin ödənilməsi üçün daha bir milyard avro ayrılacaq. Bundan əlavə, Aİ üzvləri müdafiə sənayesinin istehsal gücünün artırılması üçün komissiya yaradılması barədə razılığa gəliblər.

Aİ-nin qərarını Ukraynanın xarici işlər naziri Dmitri Kuleba alqışlayıb.

“Bu gün Aİ-yə üzv olan 17 ölkə və Norveç Ukrayna və öz milli ehtiyatları  üçün sursatların alınmasına dair saziş imzalayıblar. Qələbəmizi yaxınlaşdıracaq bu strateji addımı alqışlayıram”, - o, Twitterdə yazıb.

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov bir müddət əvvəl bildirib ki, Kiyevin təcili olaraq böyük miqdarda artilleriya sursatına ehtiyacı var. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ