Pekin Haaqa məhkəməsini Putinin immunitetinə hörmətlə yanaşmağa çağırdı

Beynəlxalq Cinayət Məhkəməsi “dövlət başçılarının toxunulmazlığına hörmətlə yanaşmalıdır”. Bunu bazar ertəsi Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Rusiya prezidenti Vladimir Putinin həbsi üçün BCM-nin verdiyi orderi şərh edərkən bildirib.

Diplomat həmçinin Haaqa məhkəməsini “obyektiv və qərəzsiz mövqe tutmağa” və “ikili standartlardan çəkinməyə” çağırıb. XİN rəsmisi, eyni zamanda Ukraynadakı münaqişənin həllinin yalnız “dialoq və danışıqlar” yolu ilə mümkün olduğunu vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin bəyanatı ÇXR sədri Si Cinpinin Moskvaya səfəri ərəfəsində verilib.

Çin də ABŞ və Rusiya kimi BCM-nin Roma Statutunu ratifikasiya etməyib və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır.

Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin, eləcə də Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. BCM-in məlumatına görə, Putin və Lvova-Belova uşaqların işğal olunmuş Ukrayna ərazilərindən Rusiyaya məcburi deportasiya edilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

BCM-nin Roma Statutunun 27-ci maddəsində deyilir ki, heç bir rəsmi toxunulmazlıq Haaqada təqibə mane olmur. Almaniya hakimiyyəti beynəlxalq öhdəliklərə uyğun olaraq Rusiya prezidentinin ölkə ərazisinə gələcəyi təqdirdə onu həbs etmək məcburiyyətində qalacaqlarını elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ