Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə “hə” deyib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Ərdoğan qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.
Ərdoğan bildirib ki, Türkiyənin minlərlə vətəndaşı terror qurbanı olub.
O, İŞİD terror təşkilatını meydanda məğlub edən tək NATO üzvü olduqlarını diqqətə çatdırıb.
O, Türkiyənin terror təşkilatlarının kökünü qazımaqda qətiyyətli olduğunu vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Finlandiya Prezidenti ilə danışıqlar prosesində NATO-nun genişlənmə prosesini də dəyərləndiriblər. O bildirib ki, Türkiyənin NATO-nun “açıq qapı” siyasətini dəstəkləyir, lakin ölkəsinin haqlı təhlükəsizlik narahatlıqları var.
Türkiyə Prezidenti qeyd edib ki, ötən il NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumdan sonra Finlandiya öhdəlikləri üzrə səmimi və konkret addımlar atıb. Beləliklə, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.