Slovakiyanın baş naziri Eduard Heqer bildirib ki, ölkə hökuməti Ukrayna Silahlı Qüvvələrinə 13 MiQ-29 qırıcısının göndərilməsini təsdiqləyib.
“Volodimir Zelenski daha çox silah, o cümlədən döyüş təyyarələri istədi, dedim ki, əlimizdən gələni edəcəyik. Sevinirəm ki, başqaları da eyni şeyi edir. Hərbi yardım Ukraynanın özünü və bütün Avropanı Rusiyadan qoruna bilməsinin açarıdır”, - deyə Slovakiya hökumətinin başçısı Twitter-də bildirib.
“Novi Ças” nəşrinin qeyd etdiyi kimi, hökumət MiQ-29-dan əlavə “Kub” hava hücumundan müdafiə sistemini də Ukraynaya təmənnasız ötürmək qərarına gəlib.
Slovakiyanın müdafiə naziri Yaroslav Nad daha əvvəl bildirib ki, qırıcıların təhvil verilməsindən sonra ölkə ABŞ-dan müasir hərbi texnikanın da daxil olduğu 900 milyon dollar təzminat alacaq.
Qeyd edək ki, bir gün əvvəl, martın 16-da Polşa prezidenti Anjey Duda ölkənin yaxın günlərdə Ukraynaya 4 ədəd MiQ-29 qırıcısını verəcəyini açıqlayıb.