Çin şirkətləri Rusiyaya silah tədarük edirlər - “Politico”

2022-ci ildə bir sıra Çin şirkətləri Rusiyaya hücum silahları, dron hissələri və hərbi məqsədlər üçün istifadə oluna bilən zirehlər göndəriblər. Bu barədə “Politico” nəşri “ImportGenius” aqreqatorunun gömrük məlumatlarına istinadən yazır.

Silah tədarükü 2022-ci ilin iyunundan dekabr ayına qədər həyata keçirilib. Təchizatçılar arasında Çin hökuməti ilə əlaqəli ən azı bir şirkət var - Çinin ən böyük müdafiə podratçılarından biri olan “China North Industries Group Corporation Limited”. İyun ayında o, Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən Rusiyanın “Tekhkrim” şirkətinə min ədəd CQ-A tüfəngi göndərib.

Digər şirkət “Da-Jiang Innovations Science Technology Co.” (DJI) - noyabr və dekabr aylarında BƏƏ vasitəsilə Rusiya distribyutoruna dronların hissələri - batareyalar və kameralar göndərib. Ümumilikdə PUA-lar üçün ehtiyat hissələrinin 12 partiyası çatdırılıb.

Bundan əlavə, 2022-ci ilin sonunda Türkiyə vasitəsilə Rusiyaya təxminən 10 milyon dollar dəyərində 800 tondan çox Çin gülləkeçirməz jileti idxal edilib.

“Politico” hesab edir ki, daşınmaların həcmi və xarakteri Pekinin məqsədyönlü şəkildə Moskvanı hərbi yardımla təmin etdiyini göstərmir, lakin malların potensial olaraq hərbi əməliyyatlarda istifadə oluna biləcəyi açıq-aydın görünür. Nəşr Ukraynadakı müharibədə Çin silahlarının istifadəsinə dair sübut tapmayıb, lakin döyüş meydanında Çin PUA-ları artıq üzə çıxıb.

2023-cü ilin fevralında ABŞ dövlət katibi Entoni Blinken Çinin Rusiyaya hərbi yardım etdiyini, eyni zamanda silah tədarükünü də nəzərdən keçirdiyini söyləyib. KİV-in məlumatına görə, Co Bayden administrasiyası müttəfiqlərinə Pekinin Moskvaya hərbi yardım göstərəcəyi təqdirdə Çinə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğu barədə xəbərdarlıq edib. Pekin isə, öz növbəsində, bəyan edib ki, məhz Vaşinqtonun silah təchizatı Ukraynadakı münaqişəni daha da gərginləşdirir.

Almaniyanın “Der Spiegel” nəşri yazıb ki, Rusiya ordusu Çinin pilotsuz təyyarə istehsalçısı ilə kamikadze PUA-larının tədarükü ilə bağlı danışıqlar aparır. Nəşrin məlumatına görə, 100 pilotsuz uçan aparatın ilk partiyası 2023-cü ilin aprelində Rusiyaya çatdırıla bilər. Amerika Müharibənin Tədqiqi İnstitutunun ekspertləri etiraf ediblər ki, Çin Belarusun köməyi ilə Qərbin sanksiyalarından yan keçməyə ümid edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ