Bu günlərdə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanla həmsərhəd rayonlardakı quru qoşunlarını qəfil döyüş hazırlığı vəziyyətinə gətirib.
Buta.media Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli KİV-in məlumatına görə, qoşunlara təlim keçərkən, SEPAH-ın təbliğat resursları İranın “bölgədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə yönəlmiş istənilən hərəkətə qəti şəkildə qarşı çıxacağı” mesajları ilə videolar yayır.
Türkiyənin internet resursları bildirir ki, diplomatik mənbələrdən verilən məlumata görə, bu mesajlar Azərbaycana yönəlib.
İslam İnqilabı Keşikçiləri Korpusunun “Sepah News” saytı Tehran rejiminin qırmızı xətti ilə bağlı təbliğat videosu yayımlayıb. Videoda İran ordusunun görüntüləri, Türkiyənin xəritəsi, ay-ulduzlu bayraq, Zəngəzur dəhlizinin xəritəsi yer alıb.
Qeyd edək ki, hazırda Qarabağda və Azərbaycan-Ermənistan sərhədində yeni eskalasiyanın əlamətləri var. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdən qanunsuz erməni silahlı birləşmələri son günlər Azərbaycan ordusunun mövqelərini tez-tez atəşə tutmağa başlayıb. Sərhəd zonalarında da atəşkəs rejimi pozulur. Müvafiq hesabatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq dərc olunur.
Ermənistanın baş naziri Nikol Paşinyan üç gün əvvəl keçirdiyi mətbuat konfransında Qarabağda və Azərbaycanla sərhəddə yenidən hərbi əməliyyatların başlanması riskinin çox yüksək olduğunu bildirib və əlavə edib ki, bu barədə Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı məlumat verib.
Ötən gün isə Paşinyan hökumətin iclasında “Qarabağda təmas xəttində eskalasiya təhlükəsinin olduğunu” deyib.
Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır və bunu “regionda sərhədlərin zorakılıqla dəyişdirilməsi” kimi qiymətləndirəcəyini bəyan edir.