İranda 22 min etirazçı əfv edildi

İran hakimiyyəti ölkədə davam edən etirazlara görə həbsdə olan 22 min nəfərin əfv olunduğunu elan edib. Bu barədə “Associated Press” xəbər verir.

İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Ejeinin sözlərinə görə, etirazlarla bağlı oğurluq və ya zorakılıq cinayətlərində ittiham olunan şəxslər əfv olunmayıb.

AP qeyd edir ki, hələlik məhbusların faktiki olaraq azadlığa buraxılması ilə bağlı heç bir müstəqil təsdiq yoxdur. İran mediası və hüquq müdafiəçiləri son günlər həbsxanalardan fəalların kütləvi şəkildə azad edilməsi faktları barədə məlumat verməyiblər.

İranda sentyabr ayından kütləvi etirazlar davam edir. Etirazlara səbəb 22 yaşlı Məhsa Əmininin ölümü olub – o, hicabı “səhv” geyindiyinə görə polis tərəfindən saxlanıldıqdan az sonra dünyasını dəyişib. Əvvəlcə etirazçılar gender bərabərliyini tələb edirdilər, daha sonra onların tələblərinə kütləvi islahatlar və rejim dəyişikliyi əlavə olunub.

İran hakimiyyəti etirazları son dərəcə sərt şəkildə, o cümlədən silahdan istifadə etməklə yatırır. On minlərlə insan saxlanılıb; hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 450-dən çox etirazçı həlak olub. İttihamlara əsasən yüzdən çox adam ölüm cəzasına məhkum edilə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ