İsrail tarixində ən böyük etiraz aksiyası keçirlib

Martın 11-i axşam saatlarında İsraildə ölkə tarixində ən böyük etiraz aksiyası keçirilib. Yerli mətbuatın məlumatına görə, məhkəmə islahatlarına qarşı keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib.

İsrailin “Haaretz” qəzeti yazır ki, etirazlarda 500 minə yaxın insan qatılıb. “The Jerusalem Post” və “The Times of Israel” daha az rəqəmlərə istinad edir, onların məlumatına görə, nümayişlərdə 250-300 min adam iştirak edib.

Etirazçılar hökumətə hakimlərin seçimində səsvermə hüququ verə biləcək və Ali Məhkəmənin direktivləri və ya qanunları ləğv etmək imkanlarını məhdudlaşdıra biləcək islahatlara qarşıdırlar. Həmçinin, bir çox nümayişçi korrupsiya işləri ilə bağlı istintaq altında olan baş nazir Benyamin Netanyahunun istefasını tələb edir.

“Mən burada qanun islahatlarına və “cinayət naziri” adlandırdığımız baş nazirimizə etiraz etmək üçün gəlmişəm”, - deyə etirazçılardan biri “Reuters” agentliyinə deyib.

Etirazların miqyasına baxmayaraq, nümayişlər polislə böyük toqquşma olmadan keçib. Təl-Əvivdə bir neçə etirazçı magistral yolu bağlamaq istəyərkən saxlanılıb.

2022-ci il noyabrın əvvəlində Benyamin Netanyahunun rəhbərlik etdiyi seçki bloku əvvəlki hakim koalisiyanın dağılmasından sonra növbədənkənar parlament seçkilərində qalib gəlib. 2022-ci il dekabrın sonunda İsrail parlamenti ölkənin yeni hökumətini təsdiqləyib. Kütləvi informasiya vasitələri nazirlər kabinetini “ölkə tarixinin ən sağçı kabineti” adlandırılıb. O vaxtdan bəri İsraildə yeni hökumətə qarşı etirazlar bir neçə aydır ki, davam edir.

“Likud” partiyasının lideri Benyamin Netanyahu 15 ildən çox İsrail hökumətinə rəhbərlik edib. O, korrupsiya iddiaları ilə bağlı 2021-ci ildə baş nazir vəzifəsindən istefa verib. Ümumilikdə Netanyahu fırıldaqçılıq, rüşvətxorluq və etibardan sui-istifadə ilə bağlı üç iş üzrə müttəhimdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ