Moskva və Tehran Su-35 qırıcılarının tədarükü ilə bağlı razılığa gəliblər

Rusiya İrana Su-35 qırıcılarını satacaq. “Reuters” agentliyinin məlumatına görə, müvafiq razılaşma İranın BMT-dəki missiyasının nümayəndəsinə istinadən İranın IRIB televiziya və radio şirkəti tərəfindən açıqlanıb. IRIB mənbəsi sövdələşmənin məbləğini və onun digər təfərrüatlarını açıqlamayıb, sadəcə əlavə edib ki, İran daha bir neçə ölkədən hərbi təyyarə almaqda maraqlıdır.

Su-35 çoxfunksiyalı supermanevrli qırıcıdır, Rusiya aviasiya sənayesində ən son ixtiralardan biridir. Su-35-in ilk uçuşu 2008-ci ilin fevralında edilib və 2014-cü ildə Rusiya ordusunda istismara qəbul edilib. Yüzə yaxın belə təyyarəsi olan Rusiyadan başqa, Çinin 24 Su-35 qırıcısı var.

Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra İran və Rusiya hərbi əməkdaşlığı gücləndiriblər. Xüsusən də Rusiya qoşunları Ukraynada hücumlar üçün İran istehsalı olan “Şahed-131/136” (Rusiyada onların adı dəyişdirilərək “Geran-1” və “Geran-2” ediblər) pilotsuz uçan aparatlardan istifadə edir. Bundan başqa, İranın Rusiyaya külli miqdarda sursat tədarük etdiyi, həmçinin “Fateh-110” və “Zülfiqar” ballistik raketlərini göndərməyə hazırlaşdığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ