Rusiya Baxmutun şərq hissəsini nəzarətə alıb - ISW

Rusiya hərbçiləri martın 7-də Baxmutun şərq hissəsini ələ keçirib.

Bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) yeni xülasəsində deyilir.

Eyni zamanda ekspertlər qeyd edirlər ki, Rusiya ordusu Baxmutda hücum üçün zəruri olan mexanikləşdirilmiş qüvvə çatışmazlığı ilə üzləşə bilər, taktiki “hücum bölmələri” isə manevr edə bilən döyüş əməliyyatları apara bilmir.

Martın 7-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Baxmutdan sonra Rusiya Donbasın əsas şəhərləri olan Kramatorsk və Slavyanskı ələ keçirmək üçün “açıq yolu” olacaq. Bununla belə, ISW hələ də hesab edir ki, Rusiya qüvvələri Baxmutun taktiki ələ keçirilməsindən əməliyyat nəticələri üçün istifadə etmək imkanına malik deyil və çox güman ki, şəhərin işğalından sonra uğuru davam etdirə bilməyəcəklər.

Baxmutun şərq hissəsinin tutulması barədə həmçinin “Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojin də məlumat verib. “Baxmutka çayının şərqindəki hər şey tamamilə “Vaqner”in nəzarəti altındadır”, - deyə o bildirib.

Baxmut uğrunda şiddətli döyüşlər 2022-ci ilin iyulundan gedir. Rusiya tərəfində, sıralarında məhbuslar da döyüşən “Vaqner” muzdluları iştirak edir. 2023-cü ilin mart ayının əvvəlində Priqojin Baxmutun “faktiki olaraq mühasirəyə alındığını” bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ