Tbilisidə 66 nəfər saxlanılıb. Müxalifət yenidən mitinqə çıxacaq

Martın 7-də axşam saatlarında Tbilisinin Rustaveli prospektində Gürcüstan parlamenti yaxınlığında “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb.

Bu barədə Rustavi 2 telekanalı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Saxlanılan aksiya iştirakçılarına xırda xuliqanlıq və polisə tabe olmama faktları ilə bağlı inzibati protokollar tərtib edilib. Bundan əlavə, Daxili İşlər Nazirliyi polis əməkdaşlarına hücum etmə (Gürcüstan Cinayət Məcəlləsinin 353.1-ci maddəsi) və özgənin əmlakına ziyan vurma və ya məhv etmə (187-ci maddə) ilə bağlı cinayət işi açıb.

Departamentdən bildiriblər ki, dinc aksiya sonda “zorakı xarakter alıb”, xüsusən də etirazçılar parlamentin girişini bağlamağa və binanı yandırmağa cəhd edib, polisə daş, butulka və “molotov kokteyli” atıb, avtomobillərə və xüsusi texnikaya ziyan vurublar.

Polisin aksiyanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Daxili İşlər Nazirliyi əlavə edib ki, aksiya iştirakçılarının “zorakı hərəkətləri” nəticəsində 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, onlardan bəziləri əməliyyat edilib. Aksiya zamanı vətəndaşlar da xəsarət alıblar, departament onların sayını açıqlamayıb.

Müxalifətin “Aqmaşenebelinin strategiyası” partiyasının lideri Giorgi Vaşadze bildirib ki, “xarici agentlər” haqqında qanuna etiraz edənlər martın 8-i günortadan sonra yenidən Rustaveli prospektində parlamentin yaxınlığında toplaşacaqlar.

Martın 7-də axşam saatlarında deputatlar “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etdikdən sonra Gürcüstan parlamenti yaxınlığında bir neçə min insanın iştirak etdiyi etiraz aksiyası keçirilib. Qanunun tənqidçiləri hesab edirlər ki, bu, ölkədə söz azadlığına zərbə vuracaq. Qərb ölkələri xəbərdarlıq edib ki, qanun layihəsi Gürcüstanı Aİ və NATO-ya üzv olmaq imkanından məhrum edə bilər. Gürcüstan prezidenti Salome Zurabişvili artıq etirazçıları dəstəklədiyini və “xarici agentlər” haqqında qanuna veto qoyacağını bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ