Bryanskda terror aktı törədilib - Putin

Rusiya prezidenti Vladimir Putin Bryansk kəndlərinə hücumu “terror aktı” adlandırıb. O, bu barədə “Müəllim məktəbi” pilot təhsil proqramının iştirakçılarına müraciətində bildirib.

“Bu gün daha bir terror aktı, daha bir cinayət törədildi. Onlar sərhəd bölgəsinə daxil olaraq dinc sakinlərə atəş açıblar”, - Putin bildirib.

O qeyd edib ki, “diversiyaçılar” avtomobildə mülki şəxslər və uşaqlar olduğunu görərək qəsdən atəş açıblar.

“Gördülər ki, bu, mülki avtomobildir. Gördülər ki, orada dinc sakinlər və uşaqlar oturub. Adi “Niva” avtomobili idi. Onlar ona atəş açıblar. Bunlar bizi tarixi yaddaşdan, tarixdən, adət-ənənələrimizdən, dilimizdən məhrum etməyi qarşılarına vəzifə kimi qoyan insanlardır”, - Putin vurğulayıb.

Səhər saatlarında Telegram kanalları və Rusiya mediası “təxribatçıların” məktəb avtobusunu atəşə tutması barədə məlumat yayıb. Nəticədə avtobus sürücüsü və qızın öldüyü iddia edilir. Ancaq sonra yerli hakimiyyət orqanları Bryansk vilayətinin bu bölgəsində məktəblərin distant təhsilə keçirildiyini bildirərək bu xəbərləri təkzib edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ