Fevralın 27-nə keçən gecə Rusiya hərbçiləri 14 “Şahed” pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum edib. İlkin məlumatlara görə, Ukrayna hərbçiləri onlardan 11-ni vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 26-da axşam saatlarında Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Kiyev və Çerniqov vilayətlərində hava hücumundan müdafiə sistemləri işə düşüb. Partlayış səsləri Xmelnitski və Zaporojyedə də eşidilib.
Xmelnitski vilayət administrasiyasının rəhbəri Sergey Qamalı bildirib ki, Xmelnitski üç dəfə vurulub. Gecə hücumu nəticəsində bir mülki sakin həlak olub, daha dörd nəfər yaralanıb. Yaşayış binalarına ziyan dəyib, yanğının söndürülməsi davam edir.
Zaporojyedə mülki qeyri-yaşayış infrastrukturu obyektinə iki zərbə qeydə alınıb. Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevin sözlərinə görə, heç kim xəsarət almayıb.
Kiyev şəhər administrasiyası bildirib ki, şəhər səmasında 9 “Şahed” vurulub. İlkin məlumatlara görə, tələfat olmayıb, infrastruktur obyektlərinə ziyan dəyməyib.