ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertləri hesab edirlər ki, Aleksandr Lukaşenkonun fevralın 28-nə planlaşdırılan Çin səfəri Rusiya və Çinin Qərb sanksiyalarından yan keçməsinə kömək etmək məqsədi daşıyır.
İnstitutun gündəlik xülasəsində deyilir ki, Lukaşenko səfəri zamanı Çin prezidenti Si Cinpin və digər yüksək səviyyəli Çin rəsmiləri ilə ticarət, investisiya və irimiqyaslı birgə layihələrə dair sazişlər imzalamaq üçün görüşməyi gözləyir. Ekspertlərin fikrincə, bu, öz növbəsində, Çinin Rusiyaya ehtimal olunan silah tədarükü ilə bağlı ola bilər.
“Lukaşenkonun səfəri barədə açıqlaması CNN və “The Washington Post”un Çinin Rusiyaya silah satışını ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərləri ilə üst-üstə düşür. Çox güman ki, Rusiya və Çin rəsmiləri beynəlxalq sanksiyalardan yayınmaq üçün saxta göndərmə sənədlərindən istifadə edərək Rusiyaya silah tədarükü ilə bağlı planları hazırlayıblar. Çin sanksiyaların pozulmasını gizlətmək üçün Belarusla razılaşmalardan istifadə etməyə cəhd edə bilər”, - ISW hesab edir.
Fevralın ikinci yarısında Almaniyanın “Der Spiegel” nəşri yazıb ki, Rusiya ordusu Çin şirkəti ilə kamikadze dronların tədarükü ilə bağlı danışıqlar aparır. Nəşrin məlumatına görə, yüz PUA-nın ilk partiyası 2023-cü ilin aprelində Rusiyaya çatdırıla bilər.
Bundan əvvəl ABŞ Çinin Rusiyaya silah tədarük etməyə başlaya biləcəyindən narahatlığını ifadə edib. Öz növbəsində Çin ABŞ-ı ittiham edib ki, Ukraynada münaqişənin qızışdırılmasına məhz Amerikanın silah tədarükü kömək edir.