Ukrayna üçün Baxmut vacibdir, lakin “nəyin bahasına olursa olsun yox” - Zelenski

Ukrayna üçün şiddətli döyüşlərin davam etdiyi Donetsk vilayətindəki Baxmut şəhərini qorumaq vacibdir, lakin qoşunlar cəbhənin bu istiqamətində lazım olana qədər vuruşacaq. 

Bunu İtaliya mətbuatına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bu o qədər də böyük şəhər deyil. Donbassdakı bir çox digər şəhərlər kimi rusiyalılar tərəfindən viran edilib. Onu qorumaq bizim üçün vacibdir, amma nəyin bahasına olursa olsun yox. Məntiqli olduğu müddət ərzində mübarizə aparacağıq. <...> Biz müqavimət göstəririk və bu arada növbəti əks-hücuma hazırlaşırıq”, - deyə Zelenski Baxmutu qorumaq üçün insanları itirməyə dəyərmi sualına cavab verib.

Ukrayna lideri qeyd edib ki, Baxmutun ələ keçirilməsindən sonra RF qoşunları Kramatorsk və Slavyanska hücumu davam etdirmək istəyirlər - “bacarsalar, Donbas sərhədlərinə və Dneprədək”.

Jurnalistlər həmçinin Zelenskidən münaqişənin uzanacağı təqdirdə Ukraynanın özünü qoruya biləcəyini soruşublar. O, cavabında bildirib ki, Kiyev qısamüddətli müharibəyə və öz qələbəsinə hazırlaşır.

“Qələbə nə qədər tez olsa, qurbanlarımız bir o qədər az olar. 2014-cü ildə münaqişə dondu və bunun bizə xeyri olmadı. Minsk razılaşmaları Putinə keçən ilki qəfil hücuma hazırlaşmaq üçün vaxt verdi, biz bir daha eyni tələyə düşməyəcəyik. Əsgərlərimiz daha həvəslidirlər, çünki onlar öz ailələrini, evlərini qoruyurlar”, - deyə Ukrayna prezidenti əlavə edib.

Baxmut şəhəri hazırda cəbhənin ən qaynar nöqtəsidir. Rusiya tərəfində “Vaqner” muzdlularının mühüm rol oynadığı şəhər uğrunda döyüşlər 2022-ci ilin iyul ayından bəri davam edir.

Hərbi analitiklər qeyd ediblər ki, Rusiya üçün Baxmutun ələ keçirilməsi daha çox simvolik və siyasi əhəmiyyət kəsb edir, lakin strateji baxımdan vacib deyil.

Yanvarın ortalarında Almaniya Federal Kəşfiyyat Xidməti Ukrayna ordusunun Baxmut yaxınlığındakı döyüşlərdə gündəlik “üç rəqəmli sayda əsgər” itirdiyini yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ