Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN Türk” televiziyasında Əhməd Hakanın suallarını cavablandırarkən duyğulu anlar yaşayıb.
“Qafqazinfo” xəbər verir ki, nazir Soylu zəlzələnin ilk saatlarından həmin bölgədə olduğunu açıqlayıb.
O bildirib ki, hazırda Antakyadadır və bu ağır zəlzələnin baş verdiyi hər bölgədə hadisələri koordinasiya etmək üçün lazımi qurumların əməkdaşları ilə qiymətləndirmə işləri aparırlar:
“Kahramanmaraşda gördüyüm ilk tablo Trabzon küçəsi idi. İnsanlar kömək istəyirdi. Allah heç kəsə fəlakət yaşatmasın. O zaman zəlzələnin nə qədər böyük olduğunu gördük. İlk axtarış-xilasetmə qrupu saat 9.30-da yanımızda oldu. Böyük mübarizə başladı. Zəlzələnin mərkəzi olan Pazarcıka getməyə çalışdıq. Saat 13.24-də ikinci zəlzələ oldu və bir avtomobil qarşımızda yuvarlandı. Bundan sonra şəhərə qayıtdıq və həm axtarış-xilasetmə işlərini, həm də oradakı digər prosesləri izləməyə çalışdıq”.