Slovakiya Rusiyanı “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanıyıb

Slovakiyanın Milli Şurası (birpalatalı parlament) Rusiyanın hazırkı rejimini “terrorçu”, Rusiyanı isə “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanıyan qətnamə qəbul edib.

Deputatlar həmçinin Rusiyanın Ukraynaya təcavüzünü, o cümlədən mülki şəxslərə, mülki obyektlərə və əsas enerji infrastrukturuna kütləvi hücumları pisləyiblər. Bundan əlavə, parlament Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Sənəddə ayrıca Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı birbaşa və dolayı hədələr pislənilir. Deputatlar həmçinin Ukraynanın bir hissəsi ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrini tanımaqdan imtina ediblər.

Bundan əlavə, parlamentarilər təcavüz cinayəti, insanlığa qarşı cinayətlər və hərbi cinayətlərin təqibi üçün xüsusi tribunal yaradılması səylərini dəstəkləyiblər.

Sonda deputatlar Rusiyanın Slovakiya ərazisində apardığı hibrid müharibəni pisləyib, həmçinin ölkənin hüquq-mühafizə orqanlarını, xüsusi xidmət orqanlarını və digər səlahiyyətli orqanlarını təhlükəni qiymətləndirməməyə, əona qarşı təsirli tədbirlər görməyə çağırıblar.

2022-ci ilin mayında Litva Seymi Rusiyanı “terrorçu dövlət” elan edib. Avqustda analoji qərar Latviya parlamenti tərəfindən qəbul edilib, oktyabrda isə Estoniya parlamenti Rusiyanı “terrorizmin sponsoru” adlandırıb.

Oktyabr ayında Avropa Şurası Parlament Assambleyası Avropa Şurası üzvlərini Rusiya Federasiyasını “terrorçu rejim” kimi tanımağa çağıran qətnamə qəbul edib. Noyabrda Avropa Parlamenti Rusiyanı “terrorizmin sponsoru” elan edib. İki gün sonra Hollandiya parlamenti eyn addım atıb. Dekabrda oxşar qətnamə Polşa Seymi tərəfindən qəbul edilib. Bundan əvvəl Polşa Senatı Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıyıb.

Həmçinin noyabr ayında Çexiya parlamentinin aşağı palatası Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıyıb. Öz növbəsində ABŞ Senatının Xarici Əlaqələr Komitəsi dekabrda Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ